Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.

PRESSDAY.az
xəbər verir ki, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. Burada işlər sentyabrda başa çatıb.

Ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.

Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Daşın nəğməsi” birinci beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.

Parkda Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası da təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.

Yeni istirahət guşəsinin ərazisindəkişəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.

Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola - keçid və kafe var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest