Açığı mən Arif müəllimin elə bir açıqlama verdiyinə, elə fikirlər söylədiyinə inanmaq istəmirəm və yəqin ki, özü bu məsələyə geniş açıqlama gətirəcək və bu çox vacibdir.

PRESSDAY.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində Millli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin “Azərbaycanlılar türk deyil” fikrinə münasibətində qeyd edib.

Qənirə Paşayeva yazır: “Övladı olmaqdan hər zaman qürur duyduğum türk millətinə gəlincə, onu demək istəyirəm ki, türk millətinin könlü genişdir. Sevgi ilə qucaqlayandır hər dindən, dildən, millətdən olan insanı. “Biz yaradılanı Yaradandan ötrü sevdik” deyib dədə Yunus. Bunun bəzən acısını da çəkib. Kürəyinə bıçaq saplayanlar da az olmayıb. Amma hər şeyə ramən sevgi, mərhəməti böyükdür türk millətinin. Nə qədər haqsızlığa məruz qalsa da, hər zaman ac qalanla son tikəsini bölüşüb”.

Deputat qeyd edir ki, həyatda heç kimsənin milli kimliyinin aşağılanmasını doğru saymayıb:

“Milli kimliyimlə, türk olmaqdan da hər zaman şərəf duydum. Həyatda özümü ən pis hiss etdiiyim hadisələrdən birini heç zaman unuda bilmirəm. Yadımdadır, bir gün bir "aydın" mənə "Qənirə xanım siz də çox türkçülük edirsiniz, nəyə lazımdır, belə etməsəniz bəlkə indi daha yaxşı yerlərdə olardınız" dediyində, bir anlıq sanki şoka girmişdim. Onun “daha yaxşı” deyəndə nəyi nəzərdə tutduğunu sormadan və verdiyim cavabdan inciyib mənə hər zaman pislik etməsinə rəğmən belə demişdim: "Mən türkçülük etmirəm. Mən elə özüm türkəm. Hər kəs bir millətin övladıdır, mən də türk millətinin övladıyam və harada olur- olsun millətimlə bağlı məsələlərdə duyarlı olmağa çalışaram, ona qarşı haqsızlıq olanda etiraz edirəm, mübarizə aparıram, dədələrimə iftira atılmasını heç zaman həzm etmirəm.

Yerimə gəlincə, çox sağ olsun dövlətim və xalqım mən ola biləcəyim ən yaxşı yerdəyəm, başqa heç bir yerdə də nə gözüm var, nə də fikrim", - deyib bu xoşagəlməz söhbəti davam belə etdirmək istəməmişdim və ona çox sərt və ağır cavab verib söhbəti qapatmışdım.

Azərbaycan bir türk dövlətidir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan və Türkiyə “bir millət iki dövlət” demişdi.

Milli mənsubiyyət çox həssas məsələdir və bu mövzuda hər zaman diqqətli olmaq lazımdır. Azərbaycanda bütün etnik qruplar, dini inanc sahibləri bir arada mehriban yaşayır və hamımız birlikdə bu ruhu qoruyub saxlamalı, bir-birimizə hörmətlə yanaşaraq dövlətimizi daha da gücləndirməliyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...