Tədbir Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunub

Oktyabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib.

PRESSDAY.az
-a universitetin mətbuat xidmətin verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunan oyunun əvvəlində dövlət himni səsləndirilib.

Oyun başlamazdan öncə BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edib. Rektor Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ili ərəfəsində ölkəmizin hər yerində müxtəlif səpgili tədbirlərin keçirildiyini deyib.

BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən N.Əliyeva gənc nəslin elmə, intellektual yarışlara marağının olmasını yüksək qiymətləndirib. Nurlana Əliyeva qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında bu cür tədbirlərin mütəmadi olaraq təşkili vacibdir. Rəhbərlik etdiyi universitetin tələbələri ilə fəxr etdiyini deyən Nurlana Əliyeva xoşbəxt gələcəyi yalnız ağıllı, güclü intellektə sahib, vətənpərvər gənclərlərin sayəsində əldə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Rektor sonda tələbələrə yeni nailiyyətlər, sağlam rəqabət və uğurlar arzulayıb.

Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. Bu komandalardan filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edirlər. 36 sualdan ibarət olan oyunun üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

Yarışın sonunda qaliblər müəyyənləşib. Belə ki, “DiFai” komandası birinci yer, “Coker” komandası ikinci yer, “Pole Çudes” komandası isə üçüncü yer qazanaraq oyunun qalibi olublar. Tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova və fakültələr üzrə dekan müavinləri qalib gələn tələbələrə diplom və medallar təqdim edib.

Birinci yeri tutan “DiFai” komandasına isə qalibiyyət kubokunu BSU-üzrə YAP sədri Sevinc Axundova təqdim edib. İntellektual oyunun lideri beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...